Yunanıstanın Energetika Nazirliyinin rəhbəri Panayotis Lafazanis öz hökumətinə “Türk axını” qaz kəmərinin yunan hissəsinin 2 milyard avro dəyərində olan inşası layihəsini təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə The Financial Times (FT) yazıb. Planın təfərrüatlarını nəşr açıqlamır.
FT qeyd edir ki, Yunanıstanın Rusiya ilə əməkdaşlıq etməyə dair planlarının açıqlanması, ölkənin üçüncü iqtisadi yardım tranşını almaq üçün Brüsselə təzyiq niyyəti ilə əlaqədar ola bilər. Bundan başqa nəşr yazır ki, Avropa İttifaqı rəhbərliyi Rusiyanın yaranan vəziyyətdən istifadə edərək, Yunanıstanı öz siyası müttəfiqinə çevirməyindən ehtiyat edir.
FT-nın fikrinə görə, əgər Afina və Moskva kəmərin yunan hissəsinin inşası məsələsinə dair razılaşmaya gəlsələr, bu öz axınlarını diversifikasiya etmək və Rusiya qazından asılılığı azaltmaq istəyən Avropa İttifaqının siyasətinə zərbə olacaq.
Panayotis Lafazanis deyib ki, o, TAP layihəsini dəstəkləyir, amma qeyd edib ki, qaz kəmərinə, o cümlədən bu kəmərin torpaqlarından keçəcəyi fermerlərə kompensasiya da daxil olmaqla spesifik tələbləri var.
“Biz ümid edirik ki, onlar (TAP rəhbərliyi - red.) bizim tələblərimizə reaksiya verəcək”, - o qeyd edib.