"Ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödəniş dövriyyəsinin 87%-i elektron ticarətin payına düşür".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Bakı Fintex Forumunda təşkil edilən "Dayanıqlı fintex ekosistemin qurulması" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, elektron ticarət son illərdə sıçrayışla inkişaf edir:
"Bu inkişaf tendensiyasının daha davamlı olması, kiçik və orta sahibkarlıq subyektlərinin elektron ticarətə cəlb edilməsi, habelə maliyyə xərclərinə qənaət baxımından elektron ticarətdə ödəniş əməliyyatları üzrə hesablaşma müddətləri iştirakçılar arasında müstəqil qaydada tənzimlənməlidir".
Zakir Nuriyev vurğulayıb ki, ödəniş əməliyyatlarının qabaqcıl beynəlxalq təcrübə əsasında aparılması, habelə Ani Ödənişlər Sisteminin imkanlarından tam əsasda istifadə edilməsi üçün İBAN əsaslı unikal eyniləşdirici strukturun tətbiqi və ödəniş hesablarının bu əsasda açılmasının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir:
"Ekosistemdə rəqabət mühiti artdıqca bu tələbin icrasının gözlənilməsi ödəniş xidməti istifadəçilərinin bərabər şərtlər altında cəlb edilməsi baxımından mühüm rol oynayacaq".
Aygün Mirakif