Neft hasilatını artırmaq üçün İrana heç kimin icazəsi tələb olunmur.
Oxu.Az İran.ru-ya istinadən xəbər verir ki, bu sözləri bu ölkənin neft naziri Bijən Namdar Zəngənə deyib.
İranın neft naziri Bijən Namdar Zəngənə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) 168-ci iclası ərəfəsində bu təşkilatın direktoruna ünvanlanmış məktub göndərib.
İran nazirinin sözlərinə görə, adıçəkilən məktub İranın neft hasilatını artırması üçün təşkilatdan icazə alması üçün göndərilməyib.
Məktubda təşkilatdan OPEK-in üzvlərinin İranın neft hasilatı ilə bağlı müəyyən olunmuş kvotalara tərəfdar olmağı və həmçinin təşkilatın istehsal proqramlarında İran neftinin nəzərə alınmağı təklif olunur.
Zəngənə bir daha bildirib ki, İran neftinin bazardan getməsi qanunsuz hərəkətlərin nəticəsi olub.
O qeyd edib ki, İran OPEK tərəfindən hər hansı qətnamələrin olacağını gözləmir.
Mütəxəssislər isə qeyd edirlər ki, İranın neft naziri OPEK direktorunun adına yazdığı məktubunda xahiş edir ki, təşkilat üzvləri neft hasilatının həcmini sutkada 30 milyon barel həcmində qoruyub saxlasınlar. Bu isə o deməkdir ki, Səudiyyə Ərəbistanı və digər ölkələr neft hasilatını sutkada 1,5 milyon barel azaltmalıdırlar.
Xatırladaq ki, təşkilatın 168-ci iclası bu cümə günü, yəni dekabrın 4-də Vyanada keçiriləcək. Gözlənilir ki, iclasda neft hasilatının həcmi barədə məsələ yenidən müzakirəyə çıxarılsın.
Ülviyyə R. Əli
www.oxu.az