Prezident İlham Əliyev 13 oktyabr 2014-cü ildə imzaladığı sərəncamlarla Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisini ali dövlət mükafatları ilə təltif edib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Oxu.Az-a bildirdiyinə görə, bu gün həmin mükafatların təqdimolunma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov açaraq dəmir yolunda mövcud durum, həyata keçirilən layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Sonra nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub.
“Bu gün ölkə nəqliyyat-yol kompleksində, eləcə də onun tərkib hissəsi olan dəmir yolunda həyata keçirilən islahatlar Prezident İlham Əliyevin birbaşa qayğısı və nəzarəti sayəsində mümkün olur. Bu gün Azərbaycan nəhəng Transmilli layihələrin reallaşması prosesində aktiv iştirak edir”, - deyə, nazir bildirib.
Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev siyasi xəttini ləyaqətlə davam etdirən ölkə başçısı nəqliyyat sisteminin, onun tərkib hissəsi olan dəmir yolunun inkişafını daim diqqət mərkəzində nəzarətdə saxladığı kimi, bu çətin sahədə çalışan insanların əməyini də qiymətləndirməyi yaddan çıxarmayıb.
“13 oktyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla bir qrup dəmiryolçu ali dövlət mükafatları ilə təltif edilib”, - deyə, nazir bəyan edib.
Sonra nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ali dövlət mükafatlarını dəmiryolçulara təqdim ediblər.
Eyni zamanda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan bir qrup gənc dəmiryolçuya üzvlük biletləri təqdim olunub.