Azərbaycanda çörəyin qiyməti buğda idxal edilən ölkələrdəki qiymətdən kifayət qədər ucuzdur. Əgər yadınızdadırsa, manatın birinci dəfə devalvasiyaya uğramasından sonra, yəni 2015-ci ilin fevral ayının 21-dən sonra ölkədə çörəyin qiymətinin sabit saxlanılmasına nail olundu.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya müsahibəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov bildirib.
“Fonddan taxılın istifadəsi qəbul edilmiş qanunvericiliyə müvafiq olaraq, fövqəladə hallarda istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə həyata keçirilir.
İdxal yolu ilə tədarük edilmiş buğdanın qiymətində manatın məzənnəsi nəzərə alınmaqla artımın olması istisna edilmir. Lakin, aparılmış hesablamalar göstərir ki, mövcud məzənnə ilə bir kisə əla növ 50 kiloqramlıq unun 26 manata satıldığı halda çörəyin qiymətində kəskin artım gözlənilmir.
Fondun bazara müdaxiləsinin nəticəsidir ki, manatın məzənnəsi təxminən 50% devalvasiyaya uğramasına baxmayaraq çörəyin qiyməti bu qədər bahalaşmayıb”, - deyə o qeyd edib.
O, həmçinin bildirib ki, bu gün Fondun 750 min ton taxıl ehtiyatı var.