Bakı Ağır Cinayətlər Məhkəməsində Balakən rayon sakini Abdulla Saramanovun (1986-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, cinayət işinin başlanmasına ötən ilin sentyabrın 17-si axşam saat 22 radələrində Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 ünvanda Qax rayon sakini, Ramil Məmmədovun (1982-ci il təv.) aldığı bıçaq xəsarətlərindən ölməsi barədə Abşeron rayon prokurorluğuna daxil olmuş məlumat üzrə toplanmış material səbəb olub. Cinayəti törədən Abdulla Saramanov hadisə yerində RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaqla müəyyən edilib ki, Xırdalan şəhərində ayrı-ayrı ünvanlarda kirayənişin kimi yaşayan və fərdi qaydada hörgü ustası kimi işləyən Abdulla mənzil təmiri vaxtı təxminən 3 il əvvəl Ramil Məmmədovla tanış olub. Bir il əvvəl Sulutəpə qəsəbəsində yerləşən “777” adlanan kafedə oturub pivə içdikləri zaman aralarında mübahisə yaranıb, sonra bununla əlaqədar telefonla danışarkən Məmmədov Saramanovun ana-bacısının ünvanına söyüş söyüb. Bundan hiddətlənən Abdulla Ramili öldürmək qərarına gəlib, uzun müddət ərzində onu axtarsa da, tapa bilməyib.
Sentyabrın 17-si saat 21 radələrində telefonla danışandan sonra Ramillə Bakı Beynəlxalq avtovağzalında görüşüblər, pivə içmək bəhanəsi ilə Abdulla Ramilə Xırdalana getməyi məsləhət görüb.
Marşrut avtobusu ilə ora gəldikdən sonra, piyada Abşeron RPŞ-nin inzibati binasına doğru getdikləri zaman Saramanov şalvarının belindəki kəmərin altında gəzdirdiyi, soyuq silah hesab edilən bıçağı çıxarıb Məmmədova “yadındadırmı, məni söymüşdün?” soruşub və cavab gözləmədən cəld onun sol qoltuqaltı nahiyəsinə birinci zərbəni vurub. Zərbələrin təsirindən sonuncu üzü üstə yerə yıxıldıqdan sonra Abdulla tanışının bel və qol nahiyələrinə daha 6 zərbə endirib, bununla da Məmmədovu qəsdən həyatdan məhrum edib.
Məhkəmə prosesində Abdulla Saramanov ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərib ki, təxminən bir il əvvəl kafedə oturub pivə içərkən aralarında mübahisə düşüb. Belə ki, pivə içərkən, Ramil orda işləyən qadına “arvad, get pivə gətir, sən kişiyə yaxşı baxmırsan, bizə qulluq eləmirsən” deyə zarafatla müraciət edib.
Həmin vaxt Abdulla Ramilə iradını bildirərək ofisiant qadına “arvad” deyə müraciət etməməsini, kənar masalarda oturub, bunu eşidən adamlar olduğunu deyib, Məmmədov isə cavabında ona nalayiq ifadələrlə cavab verib və çıxıb gedib. Həmin gün Ramilə zəng edib, mübahisəni həll etməyi təklif etməsinə baxmayaraq, sonuncu görüşməkdən imtina edib və ana-bacısını söyüb. Abdulla bu işi belə qoymayacağını, bu söyüşün əvəzini çıxacağını deyib. Ondan sonra 1 il ərzində Ramili tapa bilməyib, telefonuna zəng çatmayıb. Məmmədovun onun ailə üzvlərini söyməsi ona çox əzab verib, bu biabırçılığı götürə bilməyib.
Hadisədən 1 ay əvvəl Ramil tanımadığı nömrədən zəng edərək, aralarında heç bir şey olmamış kimi, halını, nə işlə məşğul olduğunu soruşub, o da onunla bir az söhbət edib. 20 gün müddətində arada bir telefonla əlaqə saxlayıblar. Ayın 17-də avtovağzalda görüşüb, Xırdalana gələndən sonra polis şöbəsinin yanında o istədiyini həyata keçirib, polis əməkdaşları təpiklə vuraraq, onun əlindəki bıçağı yerə salıblar və onu tutaraq şöbəyə aparıblar.
Verilən suallara cavab olaraq Saramanov bildirib ki, Məmmədovun ona 950 manat borcu olub, lakin o Ramilə bu borcu bağışlayıb. Onu öldürməsinin yeganə səbəbi sonuncunun onun ailəsini, arvadını və qızını söyməsi olub, bu məqsədlə görüş təyin edib və əvvəlcədən özü ilə bıçaq götürüb.
Məhkəmənin hökmü ilə A.Saramanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az