Moskvada azərbaycanlıların ölümü ilə nəticələnən silahlı insidentin təfərrüatları məlum olub.
Oxu.Az-ın Vesti.az-a istinadən məlumatına görə, silahlı insident Moskvadakı “Abşeron” kafesində “Lotu Quli” (Nadir Səlifov) tərafarları ilə “Dato Ağcabədinski” ləqəbli əslən Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan Cavid Məmmədovun rəhbərlik etdiyi qruplaşma arasında olub. Nəticədə “Dato Ağcabədinski” və onun yaxın adamı olan “Natiq Əlibayramlınski” qətlə yetirilib.
Rusiyadakı mənbələrdən vesti.az-a daxil olan məlumata görə, onları əslən Gəncədən olan “Lotu Quli”nin adamları güllələyib. (lent.az)
14:53
“Abşeron” kafesində gecə baş vermiş atışmanın ilkin səbəbi məlum olub. Polisin məlumatına əsasən, mübahisə bir gənc oğlanın dostundan avtomobili daha sonra almaq şərti ilə götürməsi, lakin razılığı pozması səbəb olub. Bu barədə Oxu.Az LifeNews-a istinadən xəbər verir.
“Qətl”, “İki və daha artıq şəxsin qətlinə cəhd”, həmçinin “Qanunsuz silah dövriyyəsi” maddələri üzrə cinayət işi açılıb. Hazırda insidentin bütün iştirakçıları müəyyən edilir.
11:11
“Abşeron” restoranında baş vermiş atışma nəticəsində ölənlərin sayı ikiyə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
“Başından güllə yarası almış insidentin digər iştirakçısı xəstəxanada dünyasınl dəyişdi. Həmçinin naməlum şəxslər daha bir yaralını Sklifosovski adına instituta gətirib və aradan çıxıblar”, - məlumatda deyilir.
Faktla bağlı cinayət işi açılıb. Hazırda davada iştirak edənlərin axtarışı üzrə əməliyyat həyata keçirilir.
10:15
Moskvanın şərqində kafelərin birində atışma baş verib və nəticədə bir nəfər ölüb və üç nəfər xəsarət alıb. Bu barədə “İnterfaks”a Moskvada DİN Baş idarəsindən məlumat verilib. Hazırda şübhəli şəxslərin axtarışı aparılır.
Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, insident fevralın 9-da təxminən saat 23:30-da Parkovı küçəsi 15 ünvanında yerləşən “Abşeron” restoranında baş verib.
Qeyd edək ki, restoran azərbaycanlılara məxsusdur.
Məlumata əsasən, xəsarət alan iki nəfər olub, onlar baş və döş qəfəsi hissəsindən ciddi xəsarətlər alıblar. Onları reanimasiyaya çatdırıblar. Atışamadan qabaq restoranda 20 nəfərdən çox adamın iştirak etdiyi dava düşüb. Moskvada şübhəlilərin ələ keçirilməsi üzrə əməliyyat keçirilir.
Hazırda hadisə yerində baş vermiş isidentin səbəblərini araşdırmaq məqsədilə axtarış-əməliyyat briqadası işləyir.