Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata ağır cəza istənilib
Bakıda adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin sərbəst ifadələrindən sonra prokuror ittiham nitqi ilə çıxış edərək, təqsirləndirilənin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses aprelin 11-də müdafiə tərəfinin çıxışı ilə davam edəcək.
Qeyd edək ki, Emin İbrahimov 2024-cü ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. O, həmin il iyulun 22-də Qaraçuxur qəsəbə sakini Kamal Hacıəli oğlu Şükürovu bıçaqlamaqda təqsirləndirilir.
E.İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
E.İbrahimov 2007-20-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-16-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-19-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.
Elgün Həsənli