Ağdamda orta məktəb müəllimini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Vasif Səfərov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Saxlanılan şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaqa təqdim olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Ağdamda orta məktəb müəllimi bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Mahrızlı kəndində baş verib.
Kənd sakini, Ağdam rayonu Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin idman müəllimi, 1984-cü il təvəllüdlü Əsəd Gülmalı oğlu Nərimanov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti ağır olduğundan ilkin yardım göstərilərək Bakıdakı xəstəxanalardan birinə köçürülüb.
İlkin məlumata görə, Ə.Nərimanov qardaşının hərbçi qaynı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli