Ağstafa şəhəri Səadət Şükürova adına 3 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib. Doqquzuncu sinifdə oxuyan iki şagird aralarında yaranan mübahisə zamanı səkkizinci sinif şagirdinə xəsarət yetirib. İddialara görə, xəsarət bıçaqla yetirilib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şagirdlərin valideynləri bıçaqla bağlı iddiaları qəti şəkildə inkar edirlər.
Valideynlərdən biri hadisəni belə izah edib: "Burada bıçaqlanma olmayıb, sadəcə məftil batıb. Onların hər üçü dostdur. Uşaq hər zaman bizə gəlir. Zarafatlaşıblar, nəticədə məftil batıb. Bıçaq söhbəti olmayıb. Hadisə tənəffüs zamanı baş verib".
Digər valideyn isə bildirib ki, uşaqların arasında düşmənçilik yoxdur: "Bunlar zarafatlaşıblar, uşağın böyrünə məftil girib. Bıçaq ümumiyyətlə olmayıb. Onlar bir yerdə oturub-duran uşaqlardır. Uşaq xəstəxanaya müraciət edib, lakin ciddi bir hal yoxdur".
2026-cı ilin 21 aprel tarixində saat 14:10-da 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, pasiyentə sol budun deşilmiş yarası diaqnozu təyin edilib:
"İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb".
Məhərrəm Əliyev
Ağstafa rayonundakı məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı təhsil müəssisəsindən rəsmi açıqlama verilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, aprelin 21-də IX sinif şagirdi sözügedən təhsil müəssisəsində oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib.
"Xəsarət almış şagird xəstəxanaya yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şagirdlərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - deyə qeyd edilib.
Əzizə İsmayılova
Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun 3 nömrəli tam orta məktəbində qeydə alınıb.
Ağstafa Rayon Polis Şöbəsinə həmin təhsil müəssisəsinin 8-ci sinif şagirdi U.İ-yə digər məktəbli tərəfindən kəsici-deşici alətlə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Hazırda həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Ağstafa rayonunun 3 nömrəli tam orta məktəbində 9-cu sinif şagirdi 8-ci sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirib.
Şagird xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır.