Nəhayət ki, 2013-cü ilin yayından “Altes Group” şirkətinin ətrafında cərəyan edən şaiyələrə son qoyulub.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, 2013-cü il dekabrın 17-də Ali Məhkəmənin qərarı ilə Polad Kabulov tərəfindən “Altes Group” şirkətinin kassasından pulların mənimsənilməsi haqqında iş üzrə birinci məhkəmə prosesi başa çatıb.
Məhkəmənin qərarı ilə o, 10 gün ərzində “Altes Group”a vurulan zərəri ödəməlidir.
Xatırladaq ki, hər şey “Altes Group”un rəhbərliyinin şirkətin aparıcı əməkdaşı Polad Kabulovu pulları mənimsəməkdə şübhəli bilməsindən başlayıb. Bundan sonra şirkətdə daxili audit start götürüb. “Altes Group”un cəlb etdiyi müstəqil audit xidməti 2007-2010-cu illərdə Polad Kabulovun 1 milyon 122 min 500 manat məbləğində pulu mənimsədiyini üzə çıxarıb.
Bu vəsaitin 235,500 və 314,000 manatı dövlətə vergi ayırmaları, 573 min manat isə inşaat yerinə bitişik ərazidə yaşayan sakinlərin köçürülməsi üçün nəzərdə tutulubmuş.
Sonradan, hüquqi dövlətdə müəyyən olunduğu kimi, şirkətin hüquqşünasları yuxarıda adı çəkilən məbləğlərlə bağlı məhkəməyə müraciət ediblər.
İlk proses 2013-cü il dekabrın 17-də başa çatıb və qərara əsasən, Polad Kabulov mənimsədiyi 235,500 manatı ödəməlidir. Onun tərəfindən 573,000 manat vəsaitin mənimsənilməsi barədə Nizami rayon məhkəməsi və Apellyasiya Kollegiyasının təsdiqlədiyi fakt üzrə növbəti məhkəmə prosesi də başa çatmaq üzrədir. Polad Kabulovun dələduzluq edərək, 314,000 manat pulu oğurlaması faktı da həllini gözləyir.
Qeyd edək ki, Polad Kabulov pulların mənimsənilməsi üzrə hiyləgər sxem qurmaqla yanaşı, həm də məsuliyyətdən yayınmağa çalışıb.
“Altes Group”un mətbuat xidmətindən qeyd ediblər ki, hələ təhqiqatın əvvəlində Polad Kabulov qara piar vasitəsilə şirkətə təzyiq göstərməyə çalışıb. Belə ki, o, İnternetdə “Altes Group”un ünvanına çoxlu sayda təxribat xarakterli materiallar və fikirlər, o cümlədən sakinlərin mənzillərinə həbs qoyulması barədə məlumat yerləşdirib.