Bakı Apellyasiya Məhkəməsində Sabunçu rayon sakini Mürsəl Dünyamalıyevin CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, istintaq materiallarına əsasən, 2013-cü il dekabrın 18-də Bakıxanov qəsəbəsində yaşayan 31 yaşlı Mürsəl Dünyamalıyev anası Cəmilə Dünyamalıyevanı (1962-ci il təv) qətlə yetirib, daha sonra Xətai RPİ 37-ci polis bölməsinə gələrək, baş vermiş hadisəni danışıb. Dərhal sonra aidiyyatı üzrə Sabunçu RPİ 13-cü polis bölməsinə məlumat verilib, hadisə yeri istintaq-əməliyyat qrupu tərəfindən müayinə olunub.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Cəmilə Dünyamalıyevanın bədən səthində 102 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilib, ölümünə kəskin qanitirmə səbəb olub.
Dindirmə zamanı təqsirləndirilən şəxs anasına qarşı olan nifrətini və qəddarlığını onun əxlaqsızlıq etməsi ilə əlaqələndirib. Araşdırma zamanı məlum olub ki, o idmanla məşğul olub, SOCAR şirkətində mühafizəçi işləyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Dünyamalıyev 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib, dövlət itthamçısı isə apellyasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
C.H.
www.oxu.az