Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Dilavər Əhmədovun məhkəməsi başlayıb.
Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə bu ilin martın 4-də, Yasamal rayonu, H.Zərdabi küçəsi, 71, mənzil 176-da baş verib. Həmin ünvanda yaşayan 1978-ci il təvəllüdlü Dilavər Əhmədov həyat yoldaşı 1989-cu il təvəllüdlü Günay Əhmədovanı boğaraq öldürüb.
Daha sonra Dilavər Əhmədov polisə zəng vuraraq arvadını öldürməsi barədə məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları Dilavər Əhmədovu tutub.
Araşdırmalar zamanı 36 yaşlı Dilavər Əhmədovun keçmiş polis işçisi olduğu məlum olub. Əhmədovlar ailəsinin 3 övladı var. Əvvəllər onlar normal dolanıb. Ərlə arvadın arasında hər hansı bir mübahisə eşidilməyib. Lakin sonradan Günay Əhmədova bir müddət əvvəl sosial şəbəkədə, daha dəqiq “Odnoklassniki”də olarkən əvvəllər tanıdığı bir nəfəri tapıb.
Qadının tapdığı kişi əvvəllər onun sevgilisi olub. Keçmiş tanışını tapan qadın sonradan onunla yenidən münasibət qurub. Bir müddət sonra Dilavər Əhmədov məsələdən hali olub. Bundan sonra cütlük arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən ər özündən 11 yaş kiçik arvadını boğaraq qətlə yetirib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı avqustun 18-nə təyin olunub.