Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən yekun prosesdə dövlət ittihamçısı təqsirləndirilənin 18 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Valeriy Tolmaçev 16 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2024-cü il noyabrın 8-də Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində baş verib. Valeriy Tolmaçev qeyri-rəsmi nikahda yaşadığı Sevda Qocayevadan nikahdankənar dünyaya gələn 2023-cü il təvəllüdlü Tolmaçeva (Qocayeva) Mədinəni qəsdən öldürməkdə təqsirləndirilib.
Hadisənin baş verməsinə səbəb isə bir yaşlı körpənin ağlayaraq atasının yatmasına mane olması olub.
O, sərxoş halda körpənin ağlamasından hiddətlənib, onun başını bir neçə dəfə divara çırparaq ölümünə səbəb olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9 (Qəsdən adam öldürmə - təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.