Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycana qeyri-qanuni avtomobil gətirilməsini sənədləşdirən vəzifəli şəxs Ali Məhkəməyə üz tutdu
Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti vəzifəsində işləyən Aslan Bayramov barəsindəki cinayət işi Ali Məhkəmədə araşdırılacaq.
"Qaynarinfo" xəbər verir ki, Aslan Bayramov barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verib.
Ələsgər Novruzov iş üzrə hakim təyin edilib. Şikayət baxılma vaxtı hələ ki, müəyyənləşməyib.
Aslan Bayramov ötən il cinayət məsuliyyətinə cəlb edilib. Onun qanunsuz əməlləri barədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə DGK-dan məlumat daxil olub. Həmin məlumatın əsasında Korrupsiaya Qarşı Mübarizə İdarəsi əməliyyat-axtarış tədbirləri keçirib və qurumda cinayət işi başlanıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirlərlə Aslan Bayramovun qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nazirlər Kabinetinin "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Aslan Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Rəylər