Daxili İşlər Nazirliyi Ağcabədidə 16 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın nazirliyin saytına istinadən məlumatına görə, oktyabrın 9-da Ağcabədi rayonunun Hacıbədəlli kəndində Gəncə şəhər sakini Səltənət Əliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
İlkin araşdırmalar zamanı S.Əliyevanın oktyabrın 8-də Gəncə şəhərindən həmyerlisi Aydın Qasımov tərəfindən evlənmək məqsədi ilə qaçırıldığı məlum olub. Bundan sonra, A.Qasımov qızı Hacıbədəlli kəndinə aparıb və aralarında baş vermiş münaqişə zəminində o, S.Əliyevanı boğub.
Ağcabədi rayon polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qasımov tutulub.
APA TV-nin məlumatına görə, oktyabrın 9-na keçən gecə Cəfərbəyli kəndi ərazisində 1993-cü il təvəllüdlü Qasımov Aydın Əbülfəz oğlu Gəncədən qaçırdığı 1998-ci il təvəllüdlü Əliyeva Səltənət Mədət qızını qətlə yetirib.
21 yaşlı oğlan 16 yaşı hələ tamam olmayan qızı boğaraq öldürüb və daha sonra qızın anasına zəng edərək “Gəl qızının meyitini apar” deyib.
Faktla bağlı araşdırma aparılır.
14:19
Ağcabədi rayonunda meyiti tapılan qızın kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, rayon prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, meyit avtomobil yolunun kənarından tapılıb. Araşdırmalar zamanı onun Gəncə şəhər sakini 1998-ci il təvəllüdlü Səltənət Mədət qızı Əliyeva olduğu məlum olub.
O, bir müddət əvvəl 1993-cü il təvəllüdlü Aydın Əbülfəz oğlu Qasımov tərəfindən qaçırılıbmış. Sonradan elə həmin şəxs tərəfindən də qətlə yetirilib. O, qızı boğaraq öldürüb.
Hadisəni törədən Aydın Qasımov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
12:29
Ağcabədi rayonunda tapılan qızın meyiti ilə bağlı maraqlı məlumat əldə olunub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, qızın meyiti bu gün səhər rayonun Cəfərbəyli kəndi ərazisindən keçən kanalın kənarında tapılıb.
Məlumata görə, hələlik adını dəqiqləşdirə bilmədiyimiz qız Gəncə sakini olub. Qızı özünün razılığı ilə tanıdığı oğlan (onun da adı hələlik məlum deyil) qaçırıb. Onlar bu gün səhər saatlarında Ağcabədi rayonunun Cəfərbəyli kəndinin girişində maşından düşərək oğlanın kənddə yaşayan dayısıgilə gediblər. Məlumata görə, yolda olarkən qızın anası oğlana zəng edib və onu təhqir edib. Bu zaman oğlanla qız arasında da mübahisə yaranıb. Nəticədə oğlan qızı boğaraq kanala atıb.
Cinayəti törədən şəxs artıq həbs olunub.