Oktyabrın 1-də axşam saat 8-9 radələrində Mingəçevirdə qətl törədilib.
Cinayətin qurbanı 1995-ci il təvəllüdlü İsrafilov Məhəmməd Ağabala oğlu olub.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Mingəçevir rayon Polis İdarəsindən bildiriblər.
Hadisə H.Əliyev küçəsi ev 76/1, mənzil 20-də baş verib. İsrafilova bıçaqla zərbə vurulub. Hadisədən dərhal sonra xəstəxanaya çatdırılan yeniyetmə orada dünyasını dəyişib.
Araşdırma zamanı məlum olub ki, qətli İsrafilovun əmisi xalası oğlu – 1992-ci il təvəllüdlü Rüstəmli Ələkbər Namiq oğlu törədib.
Bildirilir ki, İsrafilovun xəstəxanaya yerləşdirilməsindən sonra Ələkbər Rüstəmli və onun anası evdə gizlənərək, qapını hadisə yerinə gəlmiş cinayət axtarışı şöbəsinin əməliyyatçılarına açmaqdan imtina ediblər. Qətl Rüstəmlinin mənzilində törədilib. Cinayətkar polisləri təhdid edərək, özünü öldürəcəyini bildirib. Lakin əməliyyatçılar qapının açılmasını gözləməyərək, üçüncü mərtəbədəki eyvandan mənzilə daxil olublar.
Dindirmə zamanı saxlanılmış Rüstəmli bildirib ki, xalası oğlu ilə münaqişə qıza görə baş verib. Məlum olub ki, hər iki gənc internet vasitəsilə sosial şəbəkələrdən birində yazışdıqları qıza vurulublar. Bunu öyrənən İsrafilov xalası oğlundan qızla danışmamağı tələb edib. Buna cavab olaraq Rüstəmli qohumuna evlərinə gəlib məsələni müzakirə etməyi təklif edib. Görünür gənc insanlar razılığa gələ bilməyiblər...
Faktla bağlı cinayət işi qaldırılıb, istintaq davam edir.