Baş Dövlət Yol Polisi İdarəsinin Zaqatala və Balakən rayonunun sərhədində yerləşən “Katex” postunda baş verən dava ilə bağlı bəzi məqamlara aydınlıq gətirilib.
Oxu.Az xəbər verir ki, işi araşdıran Zaqatala rayon Prokurorluğunun müstəntiqi Ənvər Nəbiyevin ANS PRESS-ə verdiyi məlumata görə, sürücü ilə yol polisi arasında yaranan davaya səbəb narazılıq olub.
Belə ki, 1983-cü il təvəllüdlü Vüsal Elman oğlu Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı, 90 HO 877 dövlət nömrə nişanlı avtomobili yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.
“Yol polisi sürücü barədə inzibati protokol tərtib etmək istəyib. Sürücü ona mane olub. Sonradan dava düşüb. Dava zamanı Vüsal Əhmədov şüşə stəkan ilə yol polisi, polis serjantı Anar Xəlilovun başına zərbə vurub. Nəticədə stəkan sınıb və şüşə polisin boğazını kəsib”, - deyə Ənvər Nəbiyev bildirib.
Hadisə zamanı həmin maşında sürücünün qohumu Oqtay Kamal oğlu Qarayevin üzərinə baxış zamanı narkotik maddə tapılıb. Hər iki şəxs tutulub. Onlar Zaqatala rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasındadırlar.
Faktla bağlı Cinayət Məcəlləsinin 315.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
11:24
Azərbaycanda polis postunda dava olub.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin Zaqatala və Balakən rayonunun sərhədində yerləşən “Katex” postunda qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Anar Xəlilov xidmətdə olarkən Balakən rayonu istiqamətində hərəkət edən, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Vüsal Elman oğlu Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı, 90 HO 877 dövlət nömrə nişanlı avtomobili yol hərəkəti qaydalarını pozduğu üçün saxlayıb. Buna etiraz edən sürücü ilə yol polisi əməkdaşı arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və V.Əhmədov A.Xəlilova xəsarət yetirib.
Nəticədə polis əməkdaşı A.Xəlilov boğaz nahiyəsindən kəsilmiş xəsarətlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən V. Əhmədovun idarə etdiyi avtomobildə olan sərnişin, 1995-ci il təvəllüdlü Oqtay Kamal oğlu Qarayevdən narkotik götürülüb və hər iki şəxs saxlanılıb.
Zaqatala Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, polis əməkdaşına xəsarət yetirilməsi faktı ilə bağlı Zaqatala Rayon Prokurorluğunda, sərnişindən narkotik götürülməsi faktı ilə bağlı isə Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
E.Ə.
www.oxu.az