Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Ramazan Valeh oğlu Əmrah aldığı məhsulların pulunu ödəməməkdə, dələduzluqda ittiham olunur.
İttihama görə, zərərçəkmişlərə 924 901 manat ziyan dəyib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Zərərçəkənlərin şikayətindən sonra Ramazan Əmrah həbs edilib. İstintaq zamanı dəymiş ziyandan 144 min manat ödənilib.
Zərərçəkmiş şəxs qismində 3 nəfər və "Sara Qrup" QSC tanınıb.
O da bildirilir ki, təqsirləndirilən Ramazan Əmrah Zaqatala Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Valeh Qazilovun oğludur.