Tehran İnqilab Məhkəməsi azərbaycanəsilli kinorejissor Cəfər Pənahini əmlakı müsadirə olunmaqla 5 il 1 ay müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Emtedad" xəbər agentliyi məlumat yayıb.
Kinorejissorun iştirakı olmadan çıxarılan qiyabi hökm barədə onun vəkili Mustafa Nili danışıb. Vəkilin sözlərinə əsasən, C.Pənahiyə eyni zamanda sosial şəbəkələrdən istifadəyə və ölkədən çıxmağa iki illik qadağa qoyulub. Rejissora qarşı hansı ittihamların irəli sürüldüyü isə açıqlanmır.
Hüquqşünas həmçinin qeyd edib ki, ötən həftə heç bir xəbərdarlıq edilmədən rejissorun bütün bank hesabları dondurulub. Bu qərarın səbəblərini öyrənmək üçün prokurorluğa yollanan Nili məhz orada Pənahi haqqında çıxarılan hökmdən xəbərdar olub.
Məhkəmə qərarında iddia edilir ki, kinorejissor İranın hüdudlarından kənarda yaşayır. Halbuki, C.Pənahi "Oskar" mükafatlandırma mərasimi üçün Los-Ancelesə etdiyi səfərdən dərhal sonra, 2026-cı ilin 30 mart tarixində vətənə qayıdıb. Həmin mərasimdə onun "Adi təsadüf" filmi "Ən yaxşı xarici film" və "Ən yaxşı orijinal ssenari" kateqoriyalarında nominant olmuşdu.
"Mən öz ölkəmdə yaşamağa ehtiyacı olan bir insanam. Yalnız orada nəfəs ala və yarada bilirəm. Əgər məni həbs etmək istəyirlərsə, qoy etsinlər. Geri dönmək qərarımı heç nə dəyişə bilməz", - deyə hələ o vaxt bir illik həbs təhlükəsi ilə üzləşən rejissor mart ayında "Variety" nəşrinə müsahibəsində bildirmişdi.
Xatırladaq ki, C.Pənahi 2022-ci ildə digər iranlı rejissorlarla birlikdə qatıldığı etiraz aksiyalarına görə yeddi ay müddətinə saxlanılmışdı. 2025-ci ildə "Adi təsadüf" lenti Kann kinofestivalının "Qızıl palma budağı" mükafatını qazanıb. 2015-ci ildə isə Pənahinin digər ekran əsəri olan "Tehran taksisi" Berlin festivalında "Qızıl ayı"ya layıq görülüb.
Qeyd edək ki, rejissorun bu və bir sıra digər filmləri gizli şəkildə lentə alınıb. Belə ki, 2010-cu ildə İran hakimiyyəti ona kino sahəsində fəaliyyət göstərməyi 20 il müddətinə qadağan etmişdi və sözügedən məhdudiyyətlər yalnız 2023-cü ildə aradan qaldırılmışdı.