İyul ayının 15-də Peterburqun “Pulkovo” aeroportunda şəxsi maşına hücum edərək üç kişini aparıblar.
Oxu.Az “Fontanku.ru”ya istinadən xəbər verir ki, oğurluğun qurbanı azərbaycanlı biznesmen və onun iki mühafizəçisi olub.
Sahibkar Dubaydan gəlib, 1,5 milyon dolları isə nağd olaraq elit mənzil almaq üçün özü ilə götürüb.
Peterburqun qonağı və onun mühafizəçiləri “Pulkovo”nun yeni terminalından çıxar-çıxmaz qarətçilər, həbs səhnəsi oynayaraq əsl “maska-şou” yaradıblar. Xüsusi təyinatlı dəstə formasında altı nəfər şəxs sahibkarı və mühafizəçiləri yerə yıxıb, qollarına qandal vuraraq aparıblar.
Bir müddət sonra biznesmen və mühafizəçilərin telefon və pullarını əllərindən alaraq Volxonski şosesində buraxıblar. Zərərçəkənlər polis idarəsinə gediblər.
Nəşr qeyd edir ki, nəqliyyat polisində Pulkovoda baş verən oğurlanma hadisəsinə şahid tapılmayıb. Bundan başqa buna bənzər qarət hadisəsi keçən il də baş vermişdi. O zaman qurban Azərbaycan vətəndaşı olub, ondan 2,5 milyon rubl alınmışdı.