Rusiyanın Çelyabinsk şəhərində heroin satışı ilə məşğul olan bir neçə şəxs saxlanılıb. Məlum olub ki, onlar narkotik vasitəni şəhərin bazarlarından birində azərbaycanlıdan alıblar.
Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin regional bölməsindən “Uralinformbüro”ya verilən məlumata əsasən, azərbaycanlı Çelyabinskdə evlənib. Onun həyat yoldaşının valideynləri onu tərəvəz biznesi və bahalı avtomobillə təmin ediblər.
Lakin azərbaycanlı qanuni biznesi kriminal bizneslə birləşdirməyə qərar verib. O, müştəri bazasını internet vasitəsilə formalaşdırıb.
“Qrom” xüsusi təyinatlıları azərbaycanlını şəhərin böyük ticarət mərkəzlərindən birində saxlayıb. Onun bahalı avtomobilinin qapısında kiçik partiyalara bölünmüş 100 qramdan çox heroin aşkar edilib.
Şübhəli şəxs təcridxanaya yerləşdirilib. Onu 20 ilədək həbs cəzası gözləyir.