Keçən bazar günü Moskvada azərbaycanlılarla milis əməkdaşları arasında atışma olub. İnsan tələfatı var.
Oxu.Az Rusiya nəşriyyatı “Komsomolskaya pravda”ya istinadən bildirir ki, Yeni Moskvada qətldə şübhəli bilinənləri həbs edərkən, Krasnoqorsk cinayət axtarış şöbəsinin əməkdaşı 30 yaşlı Sergey Jadobkin aldığı güllə yarasından həlak olub.
Hər şey bu ilin fevral ayında Krasnoqorsk rayonu ərazisində yaşayan yükdaşıma ilə məşğul olan azərbaycanlının ölümü ilə başladı. Çoxsaylı bıçaq zərbələri vurulmuş cəsədi Naxabino qəsəbəsinə qədər uzanan meşə zolağında, yoldan 300 metr uzaqlıqda tapıblar. Cinayət yerində olan izlərdən məlum olub ki, qətldən sonra onun avtomobili qaçırılıb.
Axtarışları Sergey Jadobkin aparırdı. Tezliklə cinayətin izi onu Dolqoprudnıya aparıb çıxardı. Cinayətkarlar maşını burda saxlayıblar, yəqin ki, onlar nə edəcəklərini hələ qərara almayıblar və ya avtomobilin nömrə nişanlarını, xarici görünüşünü dəyişməyə hazırlaşıblar.
Sonra isə əməliyyatçılar şübhəli şəxslərin çevrəsini daraltmağa başladılar, sona azərbaycanlının üç həmvətəni qaldı. Bu dəfə isə cinayətin izi Yeni Moskvaya gətirib çıxardı.
Qrupu aprel ayının 6-na keçən gecə saxlamaq qərarına gəliblər. Pusquda duran milis işçiləri hamının bir yerə yığılmasını gözləyiblər. Onlar qapının zəngini vurublar. Cinayətkarlar milisləri içəri buraxıblar, sonradan başa düşüblər ki, bu, tələdir. İçəri girən Jadobkinə atəş açılır, onun kolleqaları isə cinayətkarları tutsalar da ona kömək etmək mümkün olmayıb.
Mənzildə bir neçə tapança tapıblar. Fərz edilir ki, saxlanılan şəxslər sərnişindaşıma ilə məşğul olurdular, bəzən bu sərnişinlərini silahla hədələyərək soyurdular.
Bu versiya yoxlanılır. Mənzildə azərbaycanlılardan başqa Belarusiya vətəndaşı olan qadın da var idi. O milislərlə əməkdaşlığa razılıq verib.
Jadobkin və onun yoldaşları belə qərara gəliblər ki, azərbaycanlılar öz dostlarını bıçaqla öldürüblər. Onların heç birinin adına rəsmi şəkildə silah qeydiyyata alınmayıb. Əməliyyatçılar cinayətkarların belə silahlı cavab verəcəklərini düşünməyiblər. Zirehli geyimdə olsaydı Jadobkin həyatını itirməzdi.
Eyni səhvi keçən il Leninqrad şosesində atışmada həlak olan Vladimir Şişkin və Vladimir Boriskov da etmişdilər – onlar da şübhəliləri həbs etməyə gələrkən zirehli geyimdən istifadə etməmişdilər.