Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayon sakini Fərhad Mustafayevin CM-nin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, 2014-cü il martın 26-da saat 20:30 radələrində Fərhad Mustafayev yaşadığı Xəzər rayonu, Şağan qəsəbəsindəki evlərinə gələrkən bacısı Raminənin bir müddət əvvəl boşandığı əri ilə birlikdə çıxıb getdiyini öyrənərək hiddətlənib. Bundan sonra küçədə ünvansız nalayiq söyüşlər söyməyə başlayıb. Onun söyüşlərini eşidən qonşusu, yetkinlik yaşına çatmayan Rüstəm Kərimov (1998-ci il təv.) bundan əsəbiləşib. O, Fərhada zəng vuraraq iradını bildirib və küçəyə çağırıb. Fərhad evdən bıçaq götürərək küçədə onu gözləyən Rüstəm Kərimova yaxınlaşıb və ona zərbələr endirib. Yaralı qonşuların köməkliyi ilə 3 saylı kliniki xəstəxanaya çatdırılıb.
Təqsirləndirilən şəxs qismində dindirilən Fərhad Mustafayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib.
O, qonşuluqda yaşayan Rüstəmlə əvvəllər münasibətlərinin normal olduğunu bildirib. Mustafayevin sözlərinə görə, bacısı əri Xıdır Eyyubovdan ayrılandan sonra Rüstəm bir neçə dəfə heç bir səbəb olmadan ona sataşıb. O bilib ki, Rüstəmi Xıdır öyrədib. Hadisə baş verən gün valideynləri Xıdırdan şikayət etmək üçün Xəzər RPİ 1-ci polis bölməsinə gediblər.
Bu vaxt Rüstəm zəng vuraraq onu küçəyə çağırıb və heç bir səbəb olmadan ailə üzvlərini söyüb. Evdən bıçaq götürüb küçəyə çıxıb. Rüstəm əlindəki parıldayan nazik əşya ilə onu vurmaq istədikdə, o bıçağı sağ əlinə keçirib və onun qarın nahiyəsinə zərbə vurub. Sonra neçə zərbə vurmağı yadında qalmayıb.
Zərərçəkən Rüstəm Kərimov isə bildirib ki, həmin gün polis əməkdaşları Xıdır Eyyubovu aparandan sonra Fərhad məhəllədə ucadan söyüş söyməyə başlayıb. Bunu eşidən Rüstəm ona zəng vurub, küçədə söyüş söyməməsini başa salmaq istədikdə, sonuncu qaça-qaça ona tərəf gəlib və onu bıçaqlayıb.
Məhkəmənin hökmü ilə F.Mustafayev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum olunub.
C.H.
www.oxu.az