Arvadı Fatmanı qətlə yetirmiş Bakı şəhər sakini Namiq Məmmədovun tutulması məqsədilə əməliyyat-axtarış tədbirləri aparılır.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, aprelin 8-də Yasamal rayonunun Moskva prospektində 135 saylı xətt avtobusunda sərnişin, Bakı şəhər sakini Namiq Məmmədov qısqanclıq zəminində arvadı Fatmaya bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Fatma orada ölüb.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
09:20
Bakıda qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə 135 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda baş verib.
Xırdalan şəhərindən Bakıya gələn avtobusda ər arvadını bıçaqlayıb. Avtobus “Şamaxinka” adlanan ərazidə dayanıb və qətli törədən Məmmədov Namiq Hacı oğlu hadisə yerindən qaçıb. Bıçaqlanan qadın isə Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Gədəbəy rayon sakini, 47 yaşlı Fatma Şəmiyevanın həyat yoldaşı ilə problemləri olub. Onların münaqişələrinə tez-tez polis əməkdaşları müdaxilə etməli olublar.
Aprelin 8-də gecə saatlarında Namiq Məmmədov, Fatma Şəmiyeva və azyaşlı övladları avtobusla Xırdalandan Bakıya gəlirlərmiş. Avtobusda ər və arvad arasında mübahisə yaranıb. Namiq Məmmədov cibindən çıxardığı bıçaqla qadının boğaz, ürək və bədənin müxtəlif nahiyələrinə zərbələr endirib.
İlkin ehtimala görə, qətl qısqanclıq zəminində baş verib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb. Qətli törədərək hadisə yerindən qaçan Namiq Məmmədovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
E.Ə.
www.oxu.az