Saysız-hesabsız oğurluq əməli törətmiş Sumqayıt sakini Bakıda yaxalanıb.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Cavid Hüseynovu Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinin Cinayət Axtarış Qrupunun əməkdaşları həbs ediblər.
Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinin rəis müavini Kamal Şirinovun sözlərinə görə, saxlanılan zaman o etiraf edib ki, narkotik aludəçisidir, pul tapmaq üçün oğurluq edib.
Saxlanılan şəxs xeyli vaxtdır, cibgirliklə məşğuldur. Etdiyi oğurluqlardan bəziləri müşahidə kameraları tərəfindən lentə alınıb. Kadrlardan görünür ki, şübhəli şəxs telefonla danışan şəxsi təqib edir, sonra arxadan ona yaxınlaşır və cinayət əməlini törədir.
Saxlanılandan sonra müəyyən olunub ki, metrodakı əməlindən başqa yerlərdə də oğurluq edib. Bu il martın 4-də metronun “Neftçilər” stansiyasında Şəki rayon sakini Maral Əhmədovanın əl çantasından, mayın 3-də 100 saylı xətt avtobusunda Bakı şəhər sakini Yusif Əliyevin, dekabrın 6-da metronun “Koroğlu” stansiyasında Bakı şəhər sakini, Tərlan Kərimovanın, dekabrın 8-də metronun “28 May” stansiyasında Bakı şəhər sakini, Həmid Rəhimlinin mobil telefonlarını ciblərindən oğurlayıb: “Metropoliten basırıq olduğundan, onun əməlini törətməsi üçün əlverişli şərait yaranıb”.
Bu şəxsi görüb tanıyanların Metropoliten polisinə müraciət etmələri xahiş olunur.
Saxlanılan şəxslə bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az