Dünən Bakı şəhəri, Suraxanı rayon 32-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində manyakı saxlayıblar.
Bir neçə bahalı maşının yandırılmasında təqsirli bilinən 1979-cu il təvəllüdlü Mahmudov Səfər Zöhrab oğlu daha öncə də barmaqlıq arxasına düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsindən bildiriblər.
Saxlanılan şəxs kriminal aləmdə “Dəli Səfər” adı ilə məşhurdur. Ona bu adı həqiqətən də dəlilik kağızı olduğu üçün veriblər. Aparılan araşdırmalardan sonra arayışın saxta olduğu məlum olub, belə ki Mahmudov tamamilə sağlamdır.
Bununla yanaşı, alınan məlumata əsasən, o, 10-a yaxın maşını yandırıb.
Dindirilmə zamanı “dəliyə” sual verilib:
“Niyə maşınları yandırırdın?” - cavab hüquq mühafizə orqanı əməkdaşlarını təəccübləndirib. Mahmudovun sözlərinə görə, yaxşı geyimli avtomobil sahiblərini gördükdə kin və paxıllıq hissi keçirirmiş. Ona görə də onlara pislik etmək istəyib, gecə heç kim görmədiyi zaman onların maşınlarını yandırırdı. Bu səbəbdən polislər Mahmudovu manyak adlandırıblar.
Mahmudovun təkbaşına iş görmədiyi də məlumdur, onunla bərabər bir neçə nəfər də maşınları yandırırdı. Hal-hazırda istintaq “Dəli Səfər”in əlbir olduğu adamların şəxsiyyətini üzə çıxarmaqla məşğuldur.
12:16
Bakıda avtomobilləri yandıran şəxs tutulub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxurda 20-yə yaxın avtomobili yandırmaqda şübhəli bilinən, 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov saxlanılıb.
Məlumata görə, S.Mahmudovun kriminal aləmlə yaxın əlaqələri var.
O, bu aləmdə “Dəli Səfər” ləqəbi ilə tanınır.
Qeyd edək ki, son vaxtlar Suraxanıda vətəndaşlara məxsus nəqliyyat vasitələrinin qəsdən yandırılması barədə mətbuatda məlumatlar yayılıb. Rayonun Qaraçuxur qəsəbəsində bir gecədə 10-dan çox avtomobil yandırılıb. Avtomobili yandırılanlar arasında kriminal aləmdə “Seyid” ləqəbi ilə tanınan avtoritet də var.