Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Vamiq Aslanovun (1973-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Oxu.Az xəbər verir ki, bu il aprelin 17-də Xəzər RPİ və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında Buzovna qəsəbəsinin Naxçıvan küçəsindəki fərdi evdə üzərində zorakılıq əlamətləri ilə şəhər sakini Nigar Məliklinin meyitini aşkar ediblər. Aparılan sorğu-sualla müəyyən edilib ki, qız dayısı Vamiq Aslanov tərəfindən öldürülüb.
Faktla bağlı rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, N.Məliklinin bədən səthində 28 ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilib.
Hadisədən sonra qaçıb gizlənən şəxsin yeri 8 gündən sonra müəyyən edilib, ayın 25-də Vamiq Aslanov Səbail RPİ 9-cu polis bölməsi və Xəzər RPİ 2-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təqdim edilib. Dindirmə zamanı, o cinayəti namus üstündə törətdiyini bildirib.
Məhkəmə baxışında dövlət ittihamçısı ittiham aktını elan edib, daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verməklə yanaşı, prokuror və hakimlərin suallarını cavablandırıb.
Prosesin sonu barədə məlumat veriləcək.
C.H.
www.oxu.az