Son sutka ərzində Bakı şəhərində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən 38 şəxsin əmlakının oğurlanması faktı qeydə alınıb.
Bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məlumat verilib.
Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində naməlum şəxslər 1986-cı il təvəllüdlü Zinharə Qocayevanın evinə pəncərədən daxil olaraq, onun 8200 manat pulunu oğurlayıblar. Oğurluq hadisəsini Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi araşdırır.
Xətai rayonunda 1992-ci il təvəllüdlü Ləman Seyidzadə oğurluq hadisəsinin qurbanı olub. L.Seyidzadə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, mənzilindən 3500 ABŞ dolları dəyərində (5950 manat) üç ədəd əl saatının oğurlandığı haqqında məlumat verib.
Suraxanı rayonu Yeni Ramana qəsəbəsində 1982-ci il təvəllüdlü Amil Məmmədova məxsus hindən 12 ədəd toyuq oğurlanıb.
Binəqədi qəsəbə sakininin yeddi ördəyinin oğurlanması faktı isə təsdiqini tapmayıb.
Novxanı bağ massivi sakini 1964-cü il təvəllüdlü Vaqif Məmmədov 43-cü polis bölməsinə məlumat verib ki, fevralın 5-də onun yeddi ədəd ördəyini oğurlayıblar. Fevralın 8-də ördəklər sahibinin evinə qayıdıb.
Qeyd edək ki, son 24 saat ərzində DİN-in paytaxtda xidmət aparan əməkdaşları tərəfindən 11 şəxsi əmlak oğurluğunun üstü açılıb.
Ramella İbrahimxəlilova