Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Saraxanım Babayevanın (1949-cu il təv.) CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, Saraxanım Babayeva özünü “ilahi qüvvəyə malik falçı” kimi təqdim edib, vətəndaşların etibarından sui-istifadə etməklə onlara məxsus pulu mənimsəyib. Təqsirləndirilən şəxs baldızı qızının vasitəsi ilə tanıdığı Turanə Məmmədli adlı qadına evlərində baş verəcək faciənin qarşısını alacağını vəd edərək sonuncunun 1500 manat pulunu ələ keçirib. Daha sonra gələcəkdə evləri söküləndə T.Məmmədliyə böyük məbləğdə pul veriləcəyinə inandıraraq onu öz yaşadığı evə qeydiyyata saldırmaq adı ilə əlavə 5500 manat pulunu alıb.
Bundan başqa S.Babayeva tanış olduğu Təranə Mərdanovaya yüksək vəzifəli şəxslərlə tanış olduğunu deyərək onu dövlət idarələrinin birində şöbə müdiri vəzifəsinə işə düzəldəcəyinə söz verib və bunun müqabilində ondan 25000 manat pulunu və külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirib. Qadın daxil olan şikayət əsasında Səbail RPİ 8-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İstintaqın gedişatında onun yaşı və səhhəti nəzərə alınmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Məhkəmə prosesində Saraxanım Babayeva ona elan olunmuş ittihamla özünü qismən təqsirli hesab edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və o, məhkəmə zalında dərhal həbs olunub.
C.H.
www.oxu.az