Bakı Ağır cinayətlər məhkəməsində Zərdab rayon sakini Səhliyar Əhmədovun (1967-ci il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, cinayət işinin materiallarına əsasən, ötən il iyunun 28-nə keçən gecə Binəqədi rayonu ərazisində yerləşən R.Aboyev adına istirahət parkında Səhliyar Əhmədov aralarında yaranan münaqişə zamanı tanışı Namiq Ağayevi (1961-ci il təv.) bıçaqlayaraq qətlə yetirib. Elə həmin gecə şübhəli şəxs Binəqədi RPİ 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaqla müəyyən edilib ki, Səhliyar və Namiq işləmək məqsədi ilə Zərdab rayonundan Bakıya gəliblər, fərdi qaydada kafel ustaları kimi iş görüblər, bir müddət birlikdə kirayəşin yaşayıblar. Ayın 27-də axşam M.Rəsulzadə qəsəbəsində görüşən dostlar yaxınlıqdakı kafedə yeyib-içiblər, ordan çıxandan sonra Əhmədov Ağayevə ona borclu olduğu 5000 manat pulu yaxın vaxtlarda qaytarmasını tələb edib, cavab olaraq sonuncu ona borcu olmadığını və heç vaxt Səhliyardan pul almadığını iddia edib. Bu zəmində aralarında mübahisə yaranıb, Namiq borc verənin və alanın ünvanına dəfələrlə söyüşlər işlətdiyinə görə, Əhmədov cibindən bıçağı çıxarıb və yoldaşının qarın nahiyəsinə zərbə endirib, sonra isə hadisə yerindən qaçıb.
Məhkəmə prosesində Səhliyar Əhmədov ittiham üzrə özünü qismən təqsirli hesab edib. O həqiqətən Ağayevə 5000 manat pul verdiyini bildirsə də, istintaq zamanı bu fakt müəyyən edilməyib. Yalnız o məlum olub ki, birgə kirayəşin yaşadıqları vaxt Səhliyar Namiqin əvəzinə bir ay 120 manat kirayə haqqı ödəyib.
Məhkəmənin hökmü ilə S.Əhmədov ittiham üzrə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.G.