Dekabrın 11-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində zorlamaya cəhd olub.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsindən bildiriblər.
Özünə qarşı seksual xarakterli zorakı hərəkətlər barədə 1987-ci il təvəllüdlü Lənkəran rayon sakini M.Mehdiyeva müraciət edib.
Qadın göstərib ki, dünən onun kirayə qaldığı evin sahibi Zikrət Süleymanov arxadan yaxınlaşaraq, saçlarından tutub və zorlamaq üçün zirzəmiyə çəkib aparıb. Mehdiyeva ciddi şəkildə müqavimət göstərməyə başlayıb. Onların arasında dava baş verib. Əlinə keçən ağır predmetlə kişinin başından vuran qadın qaça bilib. O, dərhal polisə gələrək, hadisə barədə məlumat verib.
Artıq polisdə əməliyyatçılar aşkarlayıblar ki, hücum qurbanının özü də bədən xəsarətləri alıb. Polislər onu xəstəxanaya aparıblar. Burada qadına zəruri tibbi yardım göstərilib.
İlkin araşdırma zamanı müəyyənləşdirilib ki, hadisə baş verən vaxt Süleymanov içkili olub. Artıq məlumdur ki, o, anası və qızı ilə yaşayırmış.
Bildirilir ki, zərərçəkmiş Mehdiyeva əri ilə boşanıb və mənzildə azyaşlı uşağı ilə birgə qalırmış. Qadın çörək-un məmulatları sexində işləyirmiş. Qadın bildirib ki, Süleymanov əvvəllər ona qarşı bu tipli hərəkətlər etməyib.