Daxili İşlər Nazirliyi Bakıda keçirilən sərbəst və Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında baş verən insidentə aydınlıq gətirib.
Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeyd edib ki, həmin hadisə bəzi KİV tərəfindən şişirdilib və mahiyyəti təhrif olunmuş formada ictimaiyyətə təqdim edilib:
“Belə ki, dekabrın 23-də “Sərhədçi” İdman Mərkəzində keçirilən çempionatda Azərbaycan vətəndaşı olan iki idmançı güləşərkən aralarında mübahisə yaranıb və onların azarkeşləri olan bir neçə şəxs də bu qısamüddətli mübahisəyə qoşulub. Yarışın təşkilatçılarının vaxtında müdaxiləsi ilə məsələnin böyüməsinin qarşısı alınıb, ara sakitləşib.
Tədbirdən sonra Bakı şəhər sakini, 16 yaşlı Şamil adlı gənc Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək “Sərhədçi” İdman Mərkəzində keçirilən yarışda mübahisə zəminində tanımadığı bir şəxsin bıçaqla ona çiyin nahiyəsindən xəsarət yetirdiyini bildirib. Polis əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Bakı şəhər sakini Vüqar Həziyev və Bərdə rayonunda yaşayan İbrahim Muxtarov tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. Hadisənin əsl mahiyyəti də bundan ibarətdir.
O.Mansurzadə həmçinin qeyd edib ki, həmin yarışlarda əcnəbi idmançılar iştirak etməyib:
“Adından da göründüyü kimi bu, sərbəst və Yunan-Roma güləşi üzrə respublika çempionatı olub. Mübahisə də məhz Azərbaycan vətəndaşları olan iki güləşçi arasında düşüb”.
23:15
Bakıda sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib. Böyüklər arasında keçirilən və “Sərhədçi” İdman-Olimpiya Mərkəzində baş tutan çempionat dünən başa çatıb. Çempionatın bağlanış günü isə kütləvi dava ilə yadda qalıb.
Görüşlərin birində idmançılararasında gərginlik yaşanıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlığını qəbul etmiş Dağıstan əsilli legionerlə yerli güləşçilərimizdən biri arasında keçirilən görüşdə əsəbləri gərilən idmançılar elə döşək üzərindəcə yumruq davasına çıxıblar.
Bu davaya güləşçilərin zalda olan yaxınları və dostları da qarışıb.
Bundan sonra dağıstanlılarla azərbaycanlılar arasında kütləvi dava başlayıb. Xəbərlərə görə, dava zamanı soyuq silahlar da işə düşüb və bıçaqlananlar da olub. Bıçaq xəsarəti alanlar Dağıstan vətəndaşları olub.
Davaya səbəb olan idmançıların şəxsiyyəti barədə dəqiq məlumat yoxdur. Tərəflər arasında xeyli sayda xəsarət alan və yaralananların olduğu deyilir.
Davaya qoşulan çoxsaylı adamları isə hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşları sakitləşdirib. Bu zaman tərəflər arasında saxlanılanlar da olub. Əldə etdiyimiz məlumata görə, faktla bağlı istintaq aparılır.
Məsələ ilə bağlı virtualaz.org-a açıqlama verən Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mayis Musayev yarış zamanı idmançılar arasında doğrudan da insident yaşanması faktını təsdiqlədi: “Görüşlərin birində idmançılar arasında gərginlik yaşandı. Təşkilatçılar hadisəyə müdaxilə etdikdən sonra tərəflər sakitləşdirildi”.
M.Musayev insidentlə bağlı əlavə məlumat verə bilməyəcəyini söylədi.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləsə də əlavə məlumatın daha sonra veriləcəyini söylədi.