Yasamal rayon 29-cu polis bölməsinin əməkdaşları dekabrın 14-də itkin düşmüş uşağı tapıblar. Hadisə ilə bağlı prokurorluğun itkin düşmə faktı üzrə Cinayət Məcəlləsinin 120-ci maddəsi (bilərəkdən törədilən qətl) ilə cinayət işi açılmışdı.
Oxu.Az xəbər verir ki, bu barədə haqqin.az-a Yasamal rayon Prokurorluğundan bildirilib.
Xatırladaq ki, dekabrın 14-də itkin düşən uşağın D.Bünyadzadə küçəsində 7 saylı evdə yaşayan valideynləri Yasamal rayon 29-cu polis bölməsinə müraciət edib və oğulları Ceyhun Əsgərovun (2008-ci il təvəllüdlü) günorta evdən getdiyi və geri dönmədiyini bildiriblər.
Əsgərovlar ailəsinin üç uşağı var, Ceyhun onlardan ən böyüyüdür.
Ananın sözlərinə görə, uşaq internet-kluba gedəcəyini deyib və sonra itkin düşüb.
Maraqlıdır ki, Ceyhun yaşına baxmayaraq məktəbə getmir, o, əqli cəhətdən yaşıdlarından geri qalmır.
Əməliyyatçılar Ceyhunu Suraxanı rayonunda yerləşən müalicə mərkəzində tapıblar, onlar müvəqqəti olaraq uşağa sığınacaq veriblər.
Oğlanın sözlərinə görə, o, azıb və buna görə evin yolunu tapa bilməyib.
Polislər uşağı valideynlərinə təhvil veriblər.
16.12.2015
Bakıda 7 yaşlı uşaq itkin düşüb.
Bakı şəhər Prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, dekabrın 14-də Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonunda kirayədə yaşayan Əsgərova Rahilə Kitay qızı Daxili İşlər Nazirliyinin “102” məlumat xidmətinə zəng vuraraq oğlu, 2008-ci il təvəllüdlü Əsgərov Ceyhun Mobil oğlunun həmin gün saat 14 radələrində internet salona getmək adı ilə evdən çıxıb bir daha geri qayıtmaması barədə məlumat verib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yerini müəyyən etmək mümkün olmayıb.
Ceyhun Əsgərovun olduğu yerin müəyyən edilməməsi, azyaşlı olması və digər xüsusatlarla onun qətlə yetirilməsinə şübhələr olduğundan dekabrın 16-da Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.