Bu qətlin də qurbanı gənc qadındır. Dünən axşam Bayıl qəsəbəsində ailədaxili münaqişə zəmnində 34 yaşlı qadın qətlə yetirilib.
Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, iyunun 23-də saat 19.30 radələrində Bayıl qəsəbəsində yaşayan 1971-ci il təvəllüdlü Müzəffər Piriyev ailə münaqişəsi zəmnində üç uşaq anası, 1982-ci il təvəllüdlü Cəlalə Abbasovanı öldürüb.
Törətdiyi əməldən sonra kişi polisə təslim olub. Piriyevin daha öncə məhkumluq həyatı yaşadığı bildirilir.
İlkin dindirilmə zamanı Piriyev arvadını boğduğunu bəyan edib. Amma cəsədin müayinəsi zamanı pataloqoanatomlar başqa nəticəyə gəliblər. Abbasova beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub. Baş nahiyəsində olan yaralar bunu sübut edir.
Şüşə stəkan ilə Piriyev var qüvvəsi ilə arvadının başına bir neçə zərbə vurub. Stəkan sınmayıb, o, əyani dəlil kimi hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən müsadirə edilib.
Qətli törədərkən Piriyev narkotik vasitələrin təsiri altında olub. Bundan başqa davranışı, onda şizofrenik meyillərin olduğuna işarə edir.
Abbasovanın qohumlarının sözlərinə görə, daha öncə C.Abbasova əri ilə olan münaqişədən sonra atası evinə getsə də, valideynləri onu geri qaytarıblar.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.