Ötən gün saat 13:47 radələrində Bakının Nərimanov rayonu ərazisində 30 yaşlı kişi qeyri-rəsmi şəkildə münasibətdə olduğu 26 yaşlı qadını qanına qəltan edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rayon Polis İdarəsi 17-ci polis bölməsindən verilən məlumata görə, hadisə dəmir yolunun ərazisində baş verib.
Orada 1984-cü il təvəllüdlü Məqsəd Cari oğlu Badayev münasibətdə olduğu 1987-ci il təvəllüdlü Mətanət Sərdar qızı Ərəbovanı bir neçə yerdən bıçaqlayıb. Qadın qan içində relslərin arasına yıxılıb. Onu bıçaqlayan sevgilisi isə aradan çıxıb.
Deyilənlərə görə, kişi əvvəlcə qadının başını kəsmək istəyib. Lakin sonradan qadının boynundan və qarın nahiyyəsindən bir neçə bıçaq zərbəsi vurub.
Qadını hadisə şahidləri tapıblar. Əraziyə polis və təcili yardım həkimləri çağırılıb. Qadın xəstəxanaya yerləşdirilib. Deyilənlərə görə, Mətanət Ərəbova uzun müddət Məqsəd Badayevlə sevgili olublar. Hətta onların bu münasibətdən bir övladları da var. Qadını qanına qəltan edərək hadisə yerindən qaçan kişi sonradan polislə əlaqə saxlayaraq təslim olacağını bildirib.
Hadisənin qısqanclıq zəmnində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.