Ötən gün Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Binəqədi Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata əsasən, eyni adlı qəsəbənin 1-ci mədən küçəsində, 1989-cu il təvəllüdlü Cəbrayıl rayon sakini Orucov İlqar Məhəmmədəli oğluna yaşadığı yataqxananın zirzəmisində çoxsaylı bıçaq xəsarətləri yetirilib.
1 nömrəli Kliniki Tibbi Mərkəzin həkimləri İlqar Orucovun bədənində ikisi qarın nahiyəsinə nüfuz etməklə beş bıçaq zərbəsi aşkar ediblər. Əldə edilən məlumata əsasən, zərərçəkənin vəziyyəti ağırdır.
Binəqədi rayon 43-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. O, zərərçəkənin həmyerlisi, Məmməd Vəliyevdir (ad-soyad şərtidir - red.). Hər iki şəxs hadisənin qeydə alındığı yataqxanada yaşayırlar. Hadisə törədən şəxsə Cinayət Məcəlləsinin 29, 120-ci ( qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi açılıb.
İstintaq Binəqədi rayon Prokurorluğu tərəfindən aparılır. Cinayətin səbəbləri dəqiqləşdirilir.
Ramella İbrahimxəlilova