Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakinlər Aleksandr Xusainov (1987-ci il təv.), Qurami Zeynalov (1983-cü il təv.) və Gürcüstan vətəndaşı Paata Mkurnalidzenin (1974-cü il təv.) CM-nin 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il noyabrın 25-də Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları tərəfindən Əhmədli qəsəbəsində, İ.İsmayılov küçəsindəki 11 saylı binanın yaxınlığında adıçəkilən şəxslər şübhəli şəxs qismində saxlanılaraq bölməyə gətiriliblər. Üzərlərinə baxış zamanı Aleksandrdan 5,64 qram marixuana, Paatadan 0,291 qram və Quramidən 0,366 qram heroin aşkar edilib. Bundan əlavə, Zeynalovdan götürülmüş kibrit qutusunun içindən qara başlıqlı açar və 13 ədəd gümüşü rəngli alüminium çöplər tapılıb.
İstintaqla müəyyən edilib ki, Paata Mkurnalidze və Qurami Zeynalov cinayət əlaqəsinə girərək iyulun 8-də şəhər sakini Rizvan Sadıqova məxsus Xətai rayonu, Neapol küçəsi, 7 B, mənzil 63 ünvanına açar seçmə yolu ilə qanunsuz daxil olaraq, evdən sonuncuya məxsus 1900 dollar, 4200 manat pul və qızıl-zinət əşyalarını talayıblar. Ümumilikdə zərərçəkənə 21790 manat məbləğində maddi ziyan vurulub. Ayın 10-da onlar Xətai rayonu, İ.Zülfiqarov küçəsi bina, 107 A, mənzil 49-da yaşayan Vasif Səfərovun evinə daxil olublar və 10800 manat dəyərində əmlakı ələ keçiriblər.
İyulun 23-də Mkurnalidze və Zeynalov Darvin Ağamalıyevə məxsus Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi bina 3, mənzil 61 ünvanına açar seçmə yolu ilə daxil olaraq, mənzildən 6200 manat məbləğində əşyaları oğurlayıblar.
Avqustun 7-də Mkurnalidze, Zeynalov və Xusainov Xətai rayonu, Cavanşir küçəsi, 19, mənzil 51-də yaşayan Şamo Nağıyevin evinə daxil olaraq 11643 manat məbləğində nağd pul və əmlakı talayıblar. Bundan 2 həftə sonra onlar Qasım Qasımova məxsus Xətai rayonu, M.Hadi küçəsi 7, mənzil 92 ünvanına açar seçmə yolu ilə daxil olmaqla, zərərçəkənə 9274 manat məbləğində maddi ziyan vurublar. Oktyabrın 16-da Qurami Zeynalov tək, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 110, mənzil 105-də yaşayan Nailə Hüseynovanın evinə qanunsuz daxil olaraq, sonuncuya məxsus 300 manat pulu və 4000 manat dəyərində qiymətli əşyaları oğurlayıb.
Məhkəmə prosesində təqsirləndirilən şəxslər elan olunan ittihamlarla özlərini tam təqsirli hesab ediblər.
Məhkəmənin hökmü ilə Paata Mkurnalidze və Qurami Zeynalov 10, Aleksandr Xusainov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
C.H.
www.oxu.az