Sabunçu rayonunda qeyri-adi mənzil qarəti hadisəsi baş verib. Maştağa qəsəbəsinin sakini Sabunçu rayon 14-cü polis bölməsinə Mərakeş vətəndaşından şikayət edib.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Sabunçu rayon Polis İdarəsində bildiriblər.
Məlum olduğu kimi qarətin qurbanı iki mebel şirkətinin sahibi 1960-cı il təvəllüdlü Namiq Əliyev olub. O, şikayət ərizəsində qeyd edib ki, noyabrın 20-dən 21-ə səhər saat doqquza qədər “Lahıc” massivində onun bağ evində mərakeşli Cerri Ceni qonaq olub.
Ən azından xarici vətəndaş özünü belə təqdim edib. Noyabrın 21-də xarici vətəndaş itkin düşüb, onunla bərabər içində 49 600 manat olan iş adamına məxsus çanta da itib.
Hüquq mühafizəçilərinin hələ ki, axtarılan Mərakeş vətəndaşı barədə heç bir məlumatı yoxdu, yeganə informasiya onun Namiq Əliyev ilə çəkdirdiyi “selfie”dir. Zərərçəkənin sözlərinə görə o, qaradərili ilə internetdə tanış olub, onlar mebel satışının perspektivlərini müzakirə ediblər.
Əməliyyatçılar əmin deyillər ki, Cerri Ceni onun öz adıdır, belə ki, pasport yoxlaması nəticə verməyib.
“O, yəqin ki, artıq Azərbaycandan çıxıb və iş adamının pullarını hardasa Afrikada xərcləyir”, polisdə zarafatca deyiblər.
Ehtimal edilir ki, axtarılan şəxs fırıldaqçıdır. Bu məqsədlə o mebel şirkətlərinin sahibi ilə tanış olub.
Fakt üzrə araşdırma aparılır.