Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan açdığı atəşlə İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk ediblər.
Görülmüş tədbirlərlə onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy tutulub və ondan kustar üsulla hazırlanmış tapança götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
11:55
Bakıda polislərə atəş açılması hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, gecə saatlarında 36-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Bayramov İltifat Nizami oğlu digər polis əməkdaşları ilə birgə bölmənin ərazisinə gecə gəzintisinə çıxıb.
Polis əməkdaşları R.Məmmədov küçəsi 12 ünvanında şübhəli şəxs hesab etdikləri əvvəllər məhkum olunmuş Antonov Yevgeni İqoryeviçi saxlamaq istəyiblər.
Bu zaman Y.Antonov "Naqan" tipli tapançadan polislərə 4 dəfə atəş açıb. Güllələrdən biri İ.Bayramovun buduna tuş gəlib və onun sol budunun yuxarı üçdəbir hissəsini dəlib keçib.
Yaralı polis zabiti əvvəlcə 3 saylı şəhər xəstəxanasına, oradan da DİN-in hospitalına aparılıb.
10:24
Bakıda silahlı insident olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 25-dən 26-na keçən gecə Xətai rayonu ərazisində qeydə alınıb.
Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı güllələnib. Polis zabiti xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı İltifat Bayramov bir neçə polis əməkdaşı ilə birgə xidmətdə olarkən naməlum şəxs onlara tapançadan bir neçə dəfə atəş açıb.
Güllələrdən biri İ. Bayramova dəyib. Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Yevgeni Antonov tutulub. Ondan hadisədə istifadə etdiyi “Naqan” tipli tapança götürülüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.