Bakıda tanışını anlaqsız vəziyyətdə öldürməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda tərəflərin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkən tərəfin vəkilinin ibtidai istintaq zamanı müəyyən yanlışlıqlara yol verildiyini əsas gətirərək işin yenidən ilkin araşdırmaya qaytarılması ilə bağlı vəsatətini məhkəmə təmin etməyib.
Proses zamanı məlum olub ki, təqsirləndirilən barədə əvvəlcə həbs qətimkan tədbiri seçilsə də daha sonra o, anlaqsız vəziyyətdə olduğu nəzərə alınmaqla psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunaraq, polisin nəzarətinə verilib.
Növbəti məhkəmə iclası yanvarın 8-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda qeydə alınıb.
Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub.
Onu da qeyd edək ki, Emil Ağacanov "Chermington Transportation Services" MMC, "AZRENT" MMC, "Caspi Style" MMC və "YAMAMAY"ın sahibi olub.
Qətlə yetirilən İradə Muradova isə sahibkarın "YAMAMAY" mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
Emil Ağacanov barəsində Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli