Azərbaycanda ər ilə arvadın boşanması onlar arasında narazılığın bitməsi demək deyil. Əksinə, bəzən bu boşanmalar sonradan daha ağır hadisələrə gətirib çıxarır. Bakı şəhərində dünən törədilmiş cinayət də, məhz belə boşanmadan sonra baş verib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, yanvarın 28-də Xətai rayonu E.Süleymanov küçəsində Ağcabədi rayon sakini Kənan Qasımov keçmiş arvadı Naziləni ov tüfəngi ilə güllələyib.
Rayon Polis İdarəsindən verilən məlumata görə, xoşbəxtlikdən, güllə qadının qoluna dəyib, idarənin əməkdaşları K.Qasımovu elə yaraq-yasaqlı nəzarətə götürüblər.
Xətai Rayon Polis İdarəsinin istintaq bölməsindən bildirildi ki, arvadı Naziləni güllələyən 37 yaşlı Kənan Qasımovun ailəsi bir neçə il əvvəl dağılıb. Səkkiz il əvvəl Nazilədən ayrılan Kənan dünən onu qısqanaraq güllələyib.
İstintaqa ifadəsində də qısqanclıq və ailə münaqişəsinə görə silaha əl atdığını deyib. K.Qasımov heç bir yerdə işləməsə də, Nazilə Bakıda xəstəxanalardan birində həkim işləyir. Cinayət Məcəlləsinin 221.3-cü (silah tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə başlanmış iş davam etdirilir.