Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtda keçirilən növbəti əməliyyat axtarış tədbirləri nəticəsində Səbail rayonu Bayıl qəsəbəsində yerləşən kafedə “poker” kart oyunları təşkil olunmasını müəyyən ediblər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qumarxana fəaliyyətinin qarşısı alınıb.
Araşdırmalarla məlum olub ki, obyekti Səbail rayon sakini, 31 yaşlı Elşad Kərimov kirayəyə götürüb və qumar oyunları təşkil edib. Elşad Kərimov tanışı, 52 yaşlı Mahir Əsədovu da ətrafına cəlb edərək qumar oyunlarına nəzarət etməyi ona tapşırıb. Hər gün axşam saatlarından başlayan qumar oyunları gecə saatlarınadək davam edib və uduşdan əldə edilən pulların bir hissəsi obyekt sahiblərinə çatıb.
Qumarxanaya baxış zamanı oyun kartları və qumar oyunlarına qoyulmuş külli miqdarda pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb. Qumar oyunlarında iştirak edən şəxslər, eləcə də oyunların təşkilatçılığında təqsirli bilinən 2 nəfər barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülüb.