Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən mağazaya gələn Şərur rayon sakini Əsgər Abbasov orada satıcı işləyən İradə Aydəmirovaya 1 ədəd saxta 100 manatlıq əskinaz verib, 5 manatlıq alış-veriş edərək ona qalıq qaytarılmış 95 manatı alaraq gedib.
Oxu.Az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Abbasov saxlanılıb və onun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı 11 ədəd eyni nömrəli 100 manatlıq saxta əskinazlar aşkar edilərək götürülüb.
Ə.Abbasov saxta əskinazları tanışı Naib Aslanova məxsus mağazada saxladığı “HP” markalı printer vasitəsi ilə hazırladığını bildirib. Baxış zamanı oradan 1 ədəd printer və digər alətlər aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlayıb.