Dünən Bakıda 5 saylı Kliniki xəstəxananın Yanıq mərkəzində Nərimanov rayon ərazisində qətl hadisəsi baş verib. Cinayətin qurbanı yanıq mərkəzinin tibb bacısı 29 yaşlı Minara Salmanova olub.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu barədə Nərimanov rayon Polis İdarəsində bildiriblər.
Xəbər verilir ki, cinayət axşam saat 20.00-da, Salmanova xəstəxanaya axşam növbəsinə gələrkən baş verib. Qatil onu xəstəxananın həyətində gözləyib. O, Salmanovaya hücum edərək, əvvəlcə onu döyüb, sonra isə bıçaqla üç zərbə endirib. Zərbələrdən biri ürəyinə dəyib.
Salmanovanın qışqırığına mərkəzin əməkdaşları gəlib, amma ona kömək etmək mümkün olmayıb. Salmanova yerindəcə keçinib.
Qatil isə qurbanın keçmiş həyat yoldaşı 1975-ci il təvəllüdlü Şahlar Əliyevdir, qeyd edək ki, onlar boşanıblar.
Vəfat edənin qohumlarının sözlərinə görə, Salmanova valideynləri ilə yaşayırdı və təkbaşına 8 və 10 yaşlarında iki qız övladı tərbiyə edirdi. Ərindən narkotik istifadə etdiyi və ailəsinə qarşı məsuliyyətsiz davrandığı üçün ayrılıb.
Məlumdur ki, bir neçə ay kişi qadını rahat buraxmayıb, ondan geri qayıtmasını tələb edib. Salmanova isə fikrində qəti idi. Xəbər verilir ki, son günlər Salmanovanın hər addımını güdən əri onu dünən xəstəxananın həyətində yaxalayıb.
Elə həmin həyətdə Nərimanov RPİ-nin əməkdaşları qatili həbs ediblər.
Qətl hadisəsi ilə əlaqədar cinayət işi qaldırılıb. İstintaq davam edir.