Paytaxtın Biləcəri qəsəbəsi, 10 May küçəsində ailə münaqişəsi zəminində baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüat məlum olub.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, aprelin 2-si gecə saat 4 radələrində 18 yaşlı Caməmməd Hüseynov, 55 yaşlı Xaləddin Hüseynov və 48 yaşlı anası İlhamə Hüseynovanı bıçaqlamaqda şübhəli bilinir.
C.Hüseynovun atasına 22, anasına 9 bıçaq vurduğu iddia olunur. Bildirilir ki, ana-ata yatmış vəziyyətdə olublar.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs kollec tələbəsidir. Qohumların verdiyi məlumata görə, sevdiyi qızla münasibəti pozulan C.Hüseynovda psixoloji problemlər yaranıb. O, evin tək övladı olub.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Bıçaqlanan Xaləddin Hüseynov Biləcəri qəsəbə bələdiyyəsinin əməkdaşıdır.
Əraziyə prokurorluq əməkdaşları cəlb ediliblər.
Bakı şəhəri, Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanan şəxslərin vəziyyətləri açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzin birgə məlumatında qeyd edilib.
Bildirilib ki, bu gün saat 06:30-da Bakı şəhəri, Binəqədi rayonu, 10 May küçəsindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 1971-ci il təvəllüdlü kişi və 1978-ci il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunublar.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hər iki pasiyentin üzərində cərrahi əməliyyat icra olunub.
Hazırda onların müalicələri tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir".
Aygün Mirakif
Paytaxtın Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 2-də səhər saatlarında Biləcəri qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxslərin 2008-ci il təvəllüdlü oğulları polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Aqil Vəlili