Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Elnur Süleymanovun (1985-ci il təvəllüdlü) və İmişli rayon sakini Urşan Əzizovun (1989-ci il təvəllüdlü) CM-nin 180.2.1 (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq arkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il sentyabrın 6-da təqsirləndirilən şəxslər Səməd Vurğun küçəsi, 30 ünvanında Belçika vətəndaşı Filipp Raul Koletə yaxınlaşıb, güc tətbiq etməklə ona məxsus pul qabını ələ keçiriblər.
Ordan uzaqlaşandan sonra pul qabına baxan dostlar içində yalnız 25 manat pul aşkar ediblər, sonra onu içindəki sürücülük vəsiqəsi və bank kartları ilə birlikdə kanalizasiya lyukuna atıblar. Elə həmin gecə zərərçəkən Nəsimi RPİ 22-ci polis bölməsinə müraciət edib, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxslər iki həftədən sonra həbs olunaraq istintaqa təqdim olunublar. Axtarış zamanı onların üzərndən ümumilikdə 60 qrama yaxın tiryək aşkar edilib.
Məhkəmə prosesində Əzizov və Süleymanov ittiham üzrə özlərini qismən təqsirli bilərək, əməllərindən peşman olduqlarını qeyd ediblər.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
C.H.
www.oxu.az