Bakının Səbail rayonu ərazisində odlu silahla törədildiyi bildirilən hadisənin təfərrüatları bəlli olub.
Oxu.Az xəbər verir ki, Səbail rayon Prokurorluğundan AzNews.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Samir Fazil oğlu Mehbalıyev avqustun 15-də saat 02:40 radələrində Bakının Səbail rayonu, Salyan şosesi, “Faiq” kafesinin yanından velosipedlə keçərkən naməlum şəraitdə pnevmativ tapança ilə kürək nahiyəsindən güllə yarası alıb.
O, kürəyindən qan gəldiyini görərək, dərhal əmisinə zəng vurub. Xəsarət alan Samir Mehbalıyev Kliniki Tibbi Mərkəzin (KTM) cərrahiyyə şöbəsinə yerləşdirilib. Hələ ki, o əməliyyat olunmayıb.
Onun cərrahi əməliyyat olunmamasının səbəb isə bədəninin bel nahiyəsində aldığı xəsarətlə bağlı rentgenin cavabının alınmasıdır. Həkimlər analizin cavabları çıxdıqdan sonra əməliyyat edib etməyəcəkləri ilə bağlı qərar verəcəklər.
Prokurorluqdan o da bildirilib ki, Samir Fazil oğlu Mehbalıyev sözügedən ərazidə yerləşən “Gümüş” kafesində ofisiant işləyirmiş. Hadisə gecə işdən qayıdarkən baş verib.
10.31
Bakının mərkəzində güllələnmə hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə ötən gecə paytaxtın Səbail rayonunda qeydə alınıb.
Bakı şəhər sakini, 31 yaşlı Samir Fazil oğlu Mehbalıyev naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.
Belindən güllə yarası alan S. Mehbalıyev Klinik Tibbi Mərkəzə yerləşdirilib.
KTM-dən faktı təsdiqləyiblər. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilib.
Səbail Rayon Polis İdarəsindən isə baş vermiş hadisə ilə bağlı açıqlama verməkdən imtina ediblər.