Bu gün Bərdə rayonunda baş vermiş silahlı insidentin təfərrüatları məlum olub.
Oxu.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Tahirə Əzizova həmyerlisi və qonşusu olan 19 yaşlı Əvəz Rüstəmovu söyüş üstündə güllələyib. Bildirilir ki, qonşular arasında hələlik dəqiqləşdirilməmiş səbəblərdən mübahisə düşüb.
Bu zaman 19 yaşlı Ə.Rüstəmov 3 uşaq anası olan 26 yaşlı Tahirəyə qarşı nalayiq sözlərdən istifadə edib. Əsəblərinə hakim ola bilməyən qadın evə gedib və tüfəngi götürərək geri qayıdıb. T.Əzizova 19 yaşlı oğlanı elə küçədəcə güllələyib.
Əldə edilən digər məlumata görə, güllələnən Ə.Rüstəmov bir müddət əvvəl T.Əzizovanın yaxın qohumu ilə cinsi əlaqədə olduğu üçün məhkəməyə verilibmiş. Tərəflər arasında bu səbəbdən məhkəmə çəkişməsi davam edirmiş.
Hadisənin məhz yuxarıda qeyd edilən səbəbdən baş verdiyi dəqiqləşməyib. Araşdırmalar davam etdirilir.
18:05
Azərbaycanda qadın kişini odlu silahla vurub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Bərdənin Darğalar kəndində Tahirə Əzizova həmkəndlisi Əvəz Rüstəmova odlu silahdan atəş açıb. Boyun nahiyəsindən yaralanan Əvəz Rüstəmov Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Yaralının özünün dediyinə görə qarşısını kəsən Tahirə onu öldürəcəyi ilə hədələyib, daha sonra arxadan ona 2 dəfə atəş açıb.
Yaralının yaxınlarının sözlərinə görə, Tahirə Əzizova polis tərəfindən saxlanılıb. Hazırda Bərdə rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparır.