Bakı Ağır Cinayətlər Məhkəməsində Balakən rayon sakini Abdulla Saramanovun (1986-cı il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il sentyabrın 17-də Xırdalan şəhərində Abdulla Saramanov aralarında yaranmış mübahisə zəminində tanışı, Qax rayon sakini, Ramil Məmmədovu (1982-ci il təv.) bıçaqlayaraq öldürüb. Hadisəni törədən şəxs elə həmin gün Abşeron RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaqla müəyyən edilib ki, 3 ilə yaxındır ki, Xırdalan şəhərində kirayədə qalan və fəhləliklə məşğul olan Abdulla ilə Ramil arasında bir il öncə kafedə mübahisə yaranıb, insident zamanı sonuncu Saramanovun ana-bacısının ünvanına söyüş söyüb, Abdulla isə onda bu heyfi qoymayacağına söz verib. Həmin mübahisədən sonra tanışlar ayrılıblar və bir-birlərini uzun müddət görməyiblər.
Təqsirləndirilən şəxsin sözlərinə görə, mobil telefonla əlaqə saxlayıb söhbət edərkən Abdulla Ramili pivə içmək adı ilə avtovağzala çağırıb, oradan isə Xırdalana yollanıblar. Görüşə gedərkən bıçaq Saramanovun üstündə olub, onu sırf Məmmədovu öldürmək üçün götürüb. Abşeron RPŞ-nin yaxınlığında Ramillə avtobusdan düşdükdən sonra Abdulla bıçaqla onun bədəninin müxtəlif nayihələrinə 5 zərbə vurub. Yaralı kəskin qanitirmədən hadisə yerində dünyasını dəyişib. Abdulla isə polis tərəfindən saxlanılıb. Saramanov dindirilərkən cinayət əməlinə görə peşman olmadığını bildirib, yalnız ailəsinə və uşaqlarına görə peşman olduğunu qeyd edib.
Hazırlıq iclasında təqsirləndirilən hakim tərkibi elan edilib və şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 18-nə təyin edilib.
C.H.
www.oxu.az